Ölkədə koronavirusa yoluxma və gündəlik hospitalizasiya saylarının kəskin şəkildə azaldığı müşahidə olunur. Bunlar nəzərə alınaraq qapalı məkanlarda maska tələbinin ləğv edilməsi məsələsinə baxılır. Bu sözləri aprelin 9-da Səhiyyə naziri Teymur Musayev Report-a bildirib.
O, vətəndaşları səbirli olmağa və Nazirlər Kabineti yanında Operativ Qərargahın rəsmi qərarını gözləməyə çağırıb.
Nazir əlavə olaraq bir sıra ölkələrdə COVID-19 infeksiyasının yeni ştamlarına yoluxma sayındakı artım haqda bəhs edib.
“Sars-Cov-2 virusu dəfələrlə mutasiyaya uğrayıb və yeni ştamlar peyda olub. Bu səbəbdən hər dəfə açıqlama verəndə vətəndaşlarımızı ehtiyatlı olmağa çağırırdıq. Çünki virusun özünü necə aparacağını öncədən bilmək olmur”, - deyə qurumun rəhbəri vuğulayıb.
Teymur Musayev, həmçinin “Omikron” ştamından sonrakı bir neçə növdə yoluxduruculuğun zəiflədiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, xəstəliyin ağır gedişatı, demək olar ki, çox nadir hallarda baş verir.