Azərbaycanda restoranlar Yeni il şənliyi üçün müxtəlif əyləncə proqramları təqdim edirlər. Bəs bu əyləncə proqramları vətəndaşlar üçün neçəyə başa gəlir? Bu barədə İnsanoid araşdırma aparıb.
Şənliyi restoranda keçirmək üçün yerləri əvvəlcədən bron etmək lazımdır.
Belə ki, “Hilton” hotelində yerləşən “Sky Grill” restoranında Yeni ili qarşılamaq adambaşı 275 manata başa gəlir. Həmin hotelin “360 Bar”ında bir adam üçün nəzərdə tutulan qiymət 300 manatdır. Bu qiymətə bayram setləri, spirtsiz içkilər, canlı musiqi və DJ daxildir. Şənlik hotel qonaqları üçün gecə 3-ə qədər, restoran müştəriləri üçün isə saat 12-yə qədər davam edəcək.
“Sea Breeze” restoranında isə biletin qiyməti adambaşı 250 manat təşkil edir. Burada yalnız 6 nəfərlik masa götürmək mümkündür. Əyləncədə 3 musiqi qrupu çıxış edəcək. Uşaqlar üçün də əlavə proqram nəzərdə tutulub.
“Fairmont” hotelinin ikinci mərtəbəsində yerləşən “Alov” restoranında adambaşı depozit 175 manatdır. 6 yaşdan kiçik körpələr üçün giriş pulsuzdur, 12 yaşa qədər uşaqlar üçün isə 50% endirim nəzərdə tutulub.
“Chayki” restoranında bir nəfər üçün qiymət 300 manatdır. Bura yemək setləri, çaxırlar və canlı musiqi daxildir. O cümlədən, 6-12 yaş arası uşaqlar üçün ödəniş 150 manatdır. Sözügedən məkanda şənlik proqramının aparıcısı Kamran Razmovar olacaq.
“Çanaqqala” restoranında 2022-ci ili qarşılamaq 80-100 manat arasında başa gəlir. Bu qiymətlərə limitsiz yeməklər və içkilər daxildir.
“Cratos” ailəvi restoranın karnavalında bir nəfərin iştirakı 200 manatdır, uşaqlara isə 50% endirim edilir. Burada Faiq Ağayev, Şəbnəm Tovuzlu, Rauf və digər ulduzların konserti baş tutacaq.
“Teleqüllə” restoranında 2 nəfərlik masa 300 manatdır. Qiymətə şou-proqram, skripka və saksofon ifaları daxildir.
“Panoramic” restoranında bir nəfərin iştirakı 120 manatdır.
Bəzi restoranlarda Yeni illə əlaqəli xüsusi proqram nəzərdə tutulmayıb, buna görə də yerlər adi qaydada bron edilir.