Tofiq Bəhramov 29 yanvar 1925-ci ildə Ağdam (indiki Ağcabədi) rayonunda (bəzi mənbələrə görə Bakı şəhərində) anadan olub.
Bəhramov futbolçu kimi 1940-cı ildə “Spartak” komandasında, sonra isə “Neftçi” klubunda çıxış edib. Ayağından aldığı zədədən sonra futbolçu karyerasına son qoymağa məcbur olub. Lakin o, futbolu tərk etməyib və hakim kimi fəaliyyətini davam etdirib.
Bəhramov SSRİ-dən və digər ölkələrdən beynəlxalq çempionatları idarə edən ilk hakimdır. 1951-ci ildə “Real Madrid” - “Mançester Yunayted” matçında baş hakim olub. Bəhramov 1972-ci ildə Qitələrarası kubokun finalını - “Ayaks” (Hollandiya) - “İntependyente” (Argentina) oyununu idarə edib.
1966-cı ildə Almaniya və İngiltərə milliləri arasında baş tutan final oyununda Cefri Hertsin mübahisəli qolunu Bəhramov qeydə alıb və sonra qərarının doğruluğu videogörüntülər sayəsində məlum olub. Oyundan sonra kraliça II Yelizaveta ona şəxsən “Qızıl ilahə” və “Qızıl fit” mükafatlarını təqdim edib. Bəhramov “Qızıl fit” almış yeganə yan xətt hakimidir.
1970-ci il FİFA Dünya Kubokunun final oyununa düşmək üçün Bəhramova cəmi iki beynəlxalq oyunu idarə etmək kifayət edib. O, Braziliya-Uruqvay yarımfinal qarşılaşmasında hakim olub. Bəhramov futbol hakimi Nikolay Latışevdən sonra dünya kubokunun final mərhələsində hakimlik etmiş ikinci, Avropa kubokunun final oyununu idarə edən birinci sovet hakimi olub.
İngilis yazıçısı Artur Hopkraft “Futbol adamı” kitabını Bəhramova həsr edib. Həmin kitabda o yazıb: “Bəhramov bayrağını qaldıranda təkcə “Uembli” deyil, bütün İngiltərə onun ayaqları altında idi. Hamı fikirləşirdi: “Bu rus nə istəyir?”. Ancaq üstündən illər keçəndən sonra hamı başa düşdü ki, o, rus deyil, möcüzəli bir ölkənin - Azərbaycanın oğludur”.
Tofiq Bəhramov 26 mart 1993-cü ildə vəfat edib və II Fəxri Xiyabanda dəfn olunub.
Hazırda Azərbaycanın əsas futbol arenası Tofiq Bəhramovun adını daşıyır. 2004-cü ildə dünyada hakimlər içərisində ilk dəfə onun adına abidə ucaldılıb. Hal-hazırda London şəhərindəki futbol muzeyində Tofiq Bəhramovun bürünc heykəli qoyulub.
2007-ci ildə isə müğənni Elton Con Bakıda verdiyi konsertdə Tofiq Bəhramova həsr edilmiş mahnını oxuyub.