Novruz çərşənbələrinin sonuncusu Torpaq çərşənbəsidir. Bu gün, həmçinin “Yer çərşənbəsi” və “İlaxır çərşənbə” adlandırılır. İlaxır çərşənbə günü torpaq oyanır, əkinə hazır olur.
İlaxır çərşənbələrin içində ən möhtəşəmi, böyük təmtəraqla keçiriləni axır çərşənbə axşamıdır. Bu gün müxtəlif yeməklər hazırlanır, evlər təmizlənir, həyətlərdə tonqal qalanır.
İlaxır çərşənbədə evlərdə, adətən, şam yandırılır. Yandırılan şamların sayı evdə yaşayan ailə üzvlərinin sayına bərabər olmalıdır. İnsanlarda olan inama görə, kimin adına yandırılan şam ən gec sönərsə, ailədə ən uzun ömürlü məhz o şəxs olacaq.
Bu gün subay qızlar qulaq falı olan “qapıpusma”ya gedərlər. Onlar qonşuların qapısına yaxınlaşıb, evdən eşitdikləri sözləri yozaraq, təzə ildə onları gözləyən hadisələri bilməyə çalışarlar.