Azərbaycan şərqşünaslıq elminin xadimlərindən biri Ziya Musa oğlu Bünyadov 21 dekabr 1923-cü ildə Astara şəhərində anadan olub. Bünyadov 300-ə qədər monoqrafiya və elmi məqalələrin müəllifidir. Onun əsərləri Rusiyada, İraqda, Misirdə, Fransada, Türkiyədə, Orta Asiya respublikalarında nəşr edilib.
Ziya Bünyadov 1939-cu ildə sənədlərdə yaşını iki il artıraraq, Bakı Hərbi Piyadalar Məktəbinə daxil olub.
İkinci Dünya müharibəsi zamanı o ön cəbhədə vuruşaraq düşmənin 160 əsgər və zabitini öldürüb, 45 əsgərini əsir götürüb. 27 fevral 1945-ci ildə Bünyadov “Sovet İttifaqı Qəhrəmanı” fəxri adına layiq görülmüşdür.
1945-ci ilin mayında Bünyadov Berlin şəhərinin Pankov rayonunun komendant köməkçisi təyin edilmişdir və 1985-ci ildə “Berlin-Pankov rayonunun Fəxri vətəndaşı” adını almışdır.
Bünyadov 1954-cü ildə Azərbaycan SSR Elmlər Akademiyasının Tarix İnstitutunda, 1958-1959-cu illərdə isə Azərbaycan Dövlət Universitetində çalışıb. O, 1964-cü ildə Yaxın və Orta Şərq xalqları İnstitutununda şöbə rəhbəri vəzifəsinə təyin edilib. 1990-cı ilədək o Elmlər Akademiyasında rəhbər vəzifələrdə çalışıb. 1992-ci ildə akademik Şərqşünaslıq İnstitutunun direktoru və Yeni Azərbaycan Partiyası sədr müavini olub.
21 fevral 1997-ci ildə Ziya Bünyadov öz evinin qarşısında qətlə yetirilmişdir.
O, Birinci Fəxri xiyabanda dəfn edilib.