Qətərin paytaxtı Doha şəhərində Azərbaycan-Qətər dostluq əlaqələrini təcəssüm etdirən “Qardaşlıq” abidəsinin açılış mərasimi keçirilib. Bu haqda dekabrın 6-da Mədəniyyət Nazirliyi məlumat verib.
Abidə bürüncdən hazırlanıb. Sənət əsəri bir tərəfdə Heydər Əliyev Mərkəzi, digər tərəfdə isə “Amfiteatr”ın işləndiyi ağac formasındadır.
Sənət əsərinin gövdəsinə həkk olunmuş aypara ornamenti Azərbaycan və Qətərin eyni kökə - İslam mədəniyyətinə mənsub olduğuna işarə edir. Heykəlin üzərindəki sferik obyekt iki ölkənin əsas təbii ehtiyatları olan neft və qazı simvollaşdırır.
Daha öncə, 2021-ci ilin sentyabr ayında İçərişəhər Dövlət Tarixi Memarlıq Qoruğu İdarəsi və “Katara” Mədəniyyət Şəhərciyi Fondu arasında anlaşma memorandumu imzalanmışdır.