Noyabrın 30-da “Google” azərbaycanlı alim Lütfi Zadəyə həsr edilmiş dudl hazırlayıb.
Axtarış sisteminin istifadəçiləri dudlu klik etməklə Lütfi Zadə barəsində məlumatlar olan səhifələrə keçid edə bilərlər.
Lütfi Zadə 1921-ci ilin 4 fevralında Bakının Novxanı kəndində dünyaya gəlib. O, qeyri-səlis məntiqin əsasını qoyub. Lütfi Zadə dünyada əsərlərinə ən çox istinad edilən alimlərdən sayılır. Təkcə 1990-2000-ci illərdə onun əsərlərinə 36 mindən çox istinad edilib. Yaponiyanın “Mitsubishi“, “Toshiba“, “Sony“, “Canon“, “Sanyo“, “Nissan“, “Honda” və digər nüfuzlu şirkətləri qeyri-səlis məntiq texnologiyasından foto və videokameralar, paltaryuyan maşınlar, vakuum kimyəvi təmizləyicilərin istehsalında, avtomobillərin, qatarların, sənaye proseslərinin idarə olunmasında yararlanırlar.
Lütfi Zadə 6 sentyabr 2017-ci ildə 96 yaşında dünyasını dəyişib və Bakıda dəfn olunub.
Qeyd edək ki, dudl bayram və ya vacib hadisə şərəfinə hazırlanmış Google axtarış sisteminin loqosudur.