Bugün Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun doğum günüdür.
Polad Həşimov 1975-ci ilin yanvarın 2-də Qəbələ rayonunun Vəndam kəndində anadan olub, sonradan ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüb. O, Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirib.
Polad Həşimov 2003-cü ildə mayor qismində Prezident Heydər Əliyevin Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə, 2009-cu ildə isə "Vətən uğrunda" medalı ilə təltif olunub. 2014-cü il iyunun 25-də ona III dərəcəli Vətənə xidmətə görə orden verilib. 2016-cı ilin Aprel döyüşlərində göstərdiyi şücaətə görə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə mükafatlandırılıb.
2020-ci il dekabrın 9-da Prezident İlham Əliyevin Sərəncamı ilə Polad Həşimova "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.
Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər lzamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olub. General iyulun 15-də II Fəxri Xiyabanda, polkovnik İlqar Mirzəyev ilə yanaşı dəfn olunub.
Qeyd edək ki, 2020-ci ildə Qəbələ şəhərində Şəhidlər xiyabanının yerləşdiyi küçəyə və Bakı şəhərinin küçələrindən birinə Polad Həşimovun adı verilib.
Türkiyənin Osmanqazi rayonunun Dəmirtaş bölgəsində Polad Həşimovun adına yeni park salınıb.