Çinin 19 yaşlı vətəndaşında alsqeymer xəstəliyi aşkarlanıb. Bu barədə Report 15 fevral tarixində məlumat verib.
Müvafiq testləri apardıqdan sonra o, rəsmən dünyada bu xəstəlik diaqnozu qoyulan ən gənc insan olub.
"Journal of Alzheimer's Disease"in verdiyi məlumata əsasən, gənc oğlan hələ 17 yaşında olanda ev tapşırıqlarını yerinə yetirərkən diqqətini cəmləməkdə çətinlik çəkib, vəziyyəti daha da pisləşib, qısamüddətli yaddaş itkisindən əziyyət çəkməyə başlayıb.
Gənc nə ötən gün baş verənləri, nə də əşyalarının harada olduğunu xatırlayır. Oxumaqda və öz duyğularını ifadə etməkdə çətinlik çəkir.
O, bir ildən sonra nə vaxt yeyib-içdiyini xatırlamayıb. Gənc təhsilini tamamilə dayandırmalı olub.
Alsqeymer xəstəliyi, adətən, 65 yaşdan yuxarı insanlara diaqnoz qoyulan, yaddaş itkisi və ağır koqnitiv davranış pozğunluqları ilə müşayiət olunan neyrodegenerativ xəstəlikdir. Həkimlər qeyd ediblər ki, gənc çinlidə heç bir genetik mutasiya aşkar edilməyib. Bu hadisədən əvvəl diaqnozun qoyulduğu ən erkən yaş 21 idi, lakin həmin xəstədə gen mutasiyası aşkarlanmışdı.