Kəlbəcərdə 2 225 metr yüksəklikdə yerləşən İstisu mineral ehtiyatı "İstisu" sanatoriyası ilə dünyada tanınıb. Bu sanatoriya 1928-ci ildə salınıb.
Burada 12 bulaq var, ən böyük bulaq 8 metr hündürlüyə vurur. Bu bulaqlar 1138-ci ildə güclü zəlzələ zamanı yerin qabarması, çatlaması nəticəsində əmələ gəlib.
Öz kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə, bu sular dünyada məşhur olan Karlovı-Varı bulaqları ilə eynidir və bir çox digər xüsusiyyətlərinə görə dünyada yeganədir.
İstisu bulağından çıxan su qaraciyər, öd kisəsi, qastrit, mədə-bağırsaq, sinir sistemi və digər xəstəliklərin müalicəsində müsbət nəticə göstərir. Bu mineral suların tərkibində sulfat, kükürd birləşmələri olduğuna görə dəri xəstəliklərində də effektivdir.
Suyun müalicəvi əhəmiyyətini artıran onun temperaturunun 58 dərəcəyə qədər olmasıdır.
İstisu mənbələrindən hər il çıxan 3 milyard 963 milyon litr suyun yalnız 2 milyon litrindən istifadə olunur və qalan hissəsi çaylara axır.
2020-ci il noyabrın ayının 25-də Kəlbəcər o cümlədən də İstisu ərazisi işğaldan azad edilib. Bu gün, iyunun 27-də isə “İstisu” mineral su zavodunun təməli qoyulub.