Sabiq səfir Eldar Həsənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Prokuror təqsirləndirilən şəxsin 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Bu barədə yanvarın 7-də APA-dan məlumat verilib.
Eyni zamanda dövlət ittihamçısı qeyd edib ki, səfirə məxsus Nardarandakı bağ evi və torpaq sahəsi, Nəsimi rayonunda yerləşən mənzil, Nərimanov rayonunda yerləşən mağaza, Novxanıdakı torpaq sahəsi, Xətai rayonundakı fərdi yaşayış evi və Monteneqroda yerləşən mənzil müsadirə edilməlidir.
Zərərçəkmiş qismində tanınan Xarici İşlər Nazirliyinin nümayəndəsi 18 milyon 500 min manatın ödənilməsini istəyib. Digər zərərçəkmiş qismində tanınan Maliyyə Nazirliyinin nümayəndəsi də dəymiş ziyanın tam ödənilməsini xahiş edib.
Eldar Həsənovun Rumıniya, Bosniya və Herseqovina, Serbiya və Monteneqroda səfir kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə 30 255 737 (28 333 073 avro) manat mənimsəməsinə şübhələr müəyyən edilib.
Ona “mənimsəmə və ya israfetmə”, “vəzifə səlahiyyətlərindən sui-istifadə etmə”, “Dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə” və digər maddələr ilə ittiham elan olunmuşdur.
Sabiq səfir 2020-ci ilin avqust ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb.