Turist və qonaqların ən çox maraq göstərdikləri istirahət zonalarından biri Qəbələnin incisi - Nohur gölüdür.
Nohur gölü və ya Nohurqışlaq su anbarı — Qəbələ şəhərindən 3 km şərqdə, Göydağ və Yumru dağların arasındakı təbii çuxurda, dəniz səviyyəsindən 700 m hündürlükdə yerləşir.
1949-cu ilə qədər təbii göl kimi mövcud olan Nohur gölünün ətrafı sıx qamışlıq və su bitkiləri ilə örtülü bataqlıq, mərkəzi hissəsindəki dərin çuxurluqda isə sarı-yaşıl rəngdə suyu olan göl yerləşirdi. 1949-cu ildə bu gölün cənub hissəsində torpaq bənd çəkilərək su anbarı yaradılmışdır.
Nohurqışlaq su anbarına Dəmiraparan və Vəndam çaylarının suyu axıdılır. Nohurqışlaq su anbarı Qəbələ, Ağdaş, Göyçay və Ucar rayonlarının təsərrüfatlarının suya olan tələbatını ödəmək məqsədi daşımasına görə mühüm əhəmiyyət kəsb edir.