Yunanıstan mediasında Azərbaycanın milli mətbəxi haqqında məqalə dərc olunub.
Məqalə “Azərbaycana səfər təkcə turist macərası deyil, həm də qastronomik səyahətdir. Azərbaycan mətbəxi xüsusi ekskursiyaya layiqdir” sözləri ilə başlayır.
Yazıda Azərbaycanın ənənəvi mətbəxinin unikallığı onun ət, balıq, tərəvəz və ədviyyatlarla bol olması ilə əlaqələndirilir.
Müəllif plov, kabab, yarpaq dolması, küftə bozbaş, piti kimi yeməkləri qeyd edir. Milli mətbəximizin şirniyyatlarla zəngin olduğu vurğulanır, şəkərbura, paxlava, şəkərçörəyi və digər şirniyyatların adları sadalanır.
Həmçinin məqalədə Azərbaycan mətbəxində ədviyyatların mühüm yer tutduğu deyilir: “Zəfəran 50-dən çox milli xörəkdə istifadə edilir. Geniş istifadə olunan digər ədviyyatlara razyana, zirə, kəklikotu, keşniş toxumu, sumaq, dəfnə yarpağı, nanə, şüyüd, cəfəri, kərəviz, tərxun və reyhan daxildir”.
Sonda Azərbaycan dolmasının 2017-ci ildən UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi və ölkədə 386 müxtəlif növ dolmanın olması barədə oxuculara məlumat verilib.
Qeyd edək ki, məqalənin müəllifi “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədovdur.
[URIS id=54889]