Zaqatala rayonunun ərazisində qeyri-adi xüsusiyyətə malik bir qədim tarixi abidə var. Bu abidə Yuxarı Çardaxlar kəndinin ərazisində yerləşən və III-V əsrlərə aid edilən Pəri qalasıdır.
Alban memarlığının əlçatmaz dağ zirvəsində tikilən “Pəri qalası” yerdən 150-200 metr hündürlükdə tikilib. Üç otaqdan ibarət qalanın ümumi sahəsi 30 kvadratmetrə yaxındır. Qalaya getmək üçün vaxtilə qayadan yonulmuş 1-1,5 metr enində yol olub. Həmin yolun qalıqları hələ də qalmaqdadır.
Qala strateji baxımdan çox əlverişli bir yerdə tikilib. Əraziyə gələn bütün yollar qaladan aydın görünür. Ehtimal olunur ki, düşmən ordusunun yaxınlaşdığını görən gözətçilər dərhal elin gəlin və qızlarını, uşaqları bu qalaya qaldırar, düşmən ərazini tərk etmədən aşağı endirməzdilər. Əfsanəyə görə, qalanın adı da elə bununla bağlı olub: elin pərilərini - qızlarını qoruyan qala.
Yerli əhali arasında bu qalaya “Pəri qalası” ilə yanaşı, “Qız qalası” da deyirlər. Bəzi mənbələrdə isə bu qala “Dağ içi qala” da adlandırılır. Azərbaycanda, eləcə də dünyada uca dağların üzərində tikilən qalalar çoxdur. “Pəri qalası”nın əsas özəlliyi isə ondadır ki, onun tikintisində daşdan istifadə olunmayıb. Qala qaya çapılaraq inşa edilib.
Əfsanəyə görə, Teymurləng XIV əsrin axırlarında bu əraziyə hücum edəndə ona qalanın alınmaz olması haqqında məlumat verirlər. Qalaya isə Pəri adlı qızın başçılıq etdiyi bildirilib. Bu zaman Teymurləng qalanın hücumuna şəxsən özünün rəhbərlik edəcəyini və həmin qadını da özünün xanımı edəcəyini elan edir. Qalaya hücum zamanı Pəri ələ keçəcəyini gördükdə özünü qayadan atır. Elə o zamandan da qala "Pəri qala" adı ilə tanınır.