Azərbaycanın Səhiyyə Nazirliyi koronavirusun yeni “Omicron” ştamı ilə bağlı əhalini vaksinasiyadan keçməyə çağırıb. Bu barədə noyabrın 30-da Səhiyyə Nazirliyi, TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi birgə məlumat yayıb.
“Virusun sürətlə yayılan təhlükəli variantlarından qorunmağın ən effektiv yolu vaksinasiyadır”, - deyə məlumatda bildirilir. Eyni zamanda səhiyyə qurumları vətəndaşları gücləndirici (buster) doza ilə peyvəndlənməyə çağırır.
Məlumatda qeyd edilib ki, vaksinasiya ilə yanaşı, karantin rejiminin qaydalarına da riayət etmək vacibdir: “Məsafənin saxlanılması, maskalardan istifadə və əl təmizliyi kimi qaydalar normal həyata qayıtmağın yeganə yoludur”.
ÜST ilk dəfə 24 noyabrda Cənubi Afrikada aşkarlanan “Omicron” variantının əvvəlki mutasiyalardan daha yüksək təkrar yoluxma nisbətinə malik olduğunu bildirib. “Omicron” ştamına qısa müddətdə bir çox ölkələrdə: Böyük Britaniya, Hollandiya, Kanada, Danimarka, Almaniya, Belçika, Çexiya və İtaliyada rast gəlinib.