Sosial Tədqiqatlar Mərkəzi tərəfindən 5-25 sentyabr tarixlərində əhalinin kitab oxumaq və almaq davranışları ilə bağlı telefon sorğusu keçirilib. Araşdırmada bütün iqtisadi rayonlardan 1067 respondent iştirak edib. Bu barədə 5 oktyabr tarixində Mərkəzin rəsmi səhifəsində məlumat verilib.
Sorğuda istirak edənlərin 49,8%-i kitab oxuduğunu, 50,2%-i isə oxumadığını bildirib. Oxuyanların yarısından çoxu dünyagörüşünü inkişaf etdirmək üçün mütaliə etdiyini söyləyib. Kitab oxumayan respondentlərin 63%-dən çoxu isə bunun səbəbinin vaxtın azlığı ilə izah edib.
Keçirilən sorğudan məlum olub ki, yaş, təhsil və aylıq gəlir səviyyəsi artdıqca kitab mütaliə edənlərin sayı azalır. Belə ki, 18-25 yaş qruplarında mütəmadi kitab oxuyanların sayı 76% təşkil edibsə, 36-65 yaş arasında olanların yarıdan az hissəsinin kitab oxuduğu müəyyən olunub.
Sorğuda iştirak edən vətəndaşların yalnız 2,8%-i ildə kitab almağa 200 manatdan çox vəsait sərf etdiyini bildirib. Oxucuların yarısı ümumiyyətlə kitaba pul xərcləmədiyini söyləyib.
Araşdırma nəticəsində məlum olub ki, respondentlər əsasən azərbaycan dilində və çap olunmuş formada kitab oxuyurlar. Sorğu iştirakçıları daha çox detektiv janrına və romanlara üstünlük verirlər.