Şuşa şəhərinin 270 illiyi və Zəfər Günü münasibətilə Azərbaycanın Polşadakı Səfirliyinin təşkilatçılığı ilə Polşa Milli Filarmoniyasında təntənəli konsert proqramı təşkil olunub. Bu barədə 7 noyabr tarixində APA məlumat verib.
Azərbaycan Dövlət Opera və Balet Teatrının bədii rəhbəri, maestro Əyyub Quliyevin dirijorluğu ilə tanınmış “Simfonia Varsovia” orkestri tərəfindən görkəmli Azərbaycan və Polşa bəstəkarlarının əsərləri ifa olunub.
Tədbirdə çıxış edən Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova “Azərbaycan musiqisinin məbədi” və “Qafqazın konservatoriyası” kimi tanınan Şuşa şəhərinin Azərbaycan mədəniyyətinə bəxş etdiyi görkəmli şəxsləri və nailiyyətləri qeyd edib.
Tədbirdə fəxri qonaq qismində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov çıxış edib.
Konsert proqramının ardınca qonaqlara ziyafət verilib.
[gallery link="file" size="full" ids="93005,93006,93007"]