28 illik işğal zamanı azərbaycanlı məhbuslara qarşı tətbiq edilən işgəncələrin bariz sübutu olan Şuşa həbsxanasının muzeyə çevrilməsi təklif olunub. Bu barədə oktyabrın 26-da Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev Sputnik Azərbaycan-a bildirib.
Mütəxəssis hesab edir ki, Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edildiyi üçün, orada həbsxana fəaliyyət göstərməyəcək. Bundan əlavə, qəsəbənin ərazisi Şuşa Dövlət Tarix-Memarlıq Qoruğunun tərkibinə daxildir. Ekspertin fikrincə, həbsxanadan Azərbaycan torpaqlarının işğalı ilə müşayiət olunan vandalizmin nümunəsi kimi istifadə etmək olar.
Ədliyyə Nazirliyi Şuşa həbsxanası ilə bağlı planları açıqlamamağa üstünlük verir və rəsmi qərarı gözləməyi tövsiyə edir.
Şuşa həbsxanası çar Rusiyası dövründə, 19-cu əsrin ortalarında tikilib. Sovet dövründə Şuşadakı həbsxana qapalı müəssisə kimi fəaliyyət göstərib. Ermənistanla müharibə nəticəsində 1992-ci ildə Şuşa həbsxanası ermənilərin nəzarətinə keçib və 2020-ci ilin payızına kimi onların istifadəsində olub.