Ölkəmizdə bu gün müalicə-profilaktik məqsədlərlə fəaliyyət göstərən 24 sanatoriya mövcuddur. Bunlardan 9-u Naftalanın payına düşür.
Respublikanın 5 ən tanınmış müalicə məkanlarından biri Naxçıvanda yerləşən “Duzdağ” Fizioterapiya mərkəzidir. Mərkəz 144 otaqlı hoteldən və 7 villadan ibarətdir. “Duzdağ” mağarasında vətəndaşlar bronxial astma xəstəliyi və allergiyalardan müalicə ala bilərlər.
Tək nəfərlik otaqda 1 həftəlik müalicə 530 manata başa gələcək. Buraya gündə 3 dəfə qidalanma, çek-ap və duz mağarasında müalicə daxildir.
Villanın 1 həftəlik icarəsi, qida və müalicə daxil olmaqla 2000 manat xərc tələb edir.
Naftalan sanatoriyaları arasınada ən ucuzu “Möcüzəli Naftalan” ən bahalısı isə “GARABAG RESORT & SPA”-dır.
Belə ki, “Möcüzəli Naftalan” sanatoriyasında 7 günlük müalicə 210-560 manata başa gələcək. Qiymətə 2 nəfərlik otaqda qalma, gündə 3 dəfə qidalanma, çek-ap və naftalan nefti ilə müalicə daxildir.
“GARABAG RESORT & SPA” hotelində qiymətlər 1190-2450 manat arası dəyişir. Bura 1 həftəlik qalma, 3 dəfə qidalanma, çek-ap və naftalan nefti ilə müalicə daxildir.
“Bilgəh Kardioloji Sanatoriyası” Bakının Bilgəh qəsəbəsində yerləşir. Sanatoriyada ürək-damar xəstəliklərinin müalicəsi aparılır. Müalicə paketi 15 günü əhatə edir və qiymət 926-1864 manat arası dəyişir. Qiymətə 3 dəfə qidalanma və müalicə daxildir.
“Abşeron mədə-bağırsaq sanatoriyası” Mərdəkan qəsəbəsində yerləşir. 15 gün qalma, müalicə və 3 dəfə qidalanma vahid qiymət ilə 949 manata başa gəlir.
“Günəşli Nevroloji Sanatoriyası” Mərdəkan qəsəbəsində yerləşir. Burada vətəndaşlar 810-1564 manat dəyərində müalicə paketləri əldə edə bilərlər. Qiymətə 15 təqvim günü müddətində yerləşmə, müalicə, gündə 3 dəfə qidalanma daxildir.
Onu da qeyd edək ki, imtiyazlı şəxslər yollayış (putyovka) əldə etmək üçün növbəti orqanlara müraciət etməlidir:
-İş yeri üzrə həmkarlar ittifaqı komitəsinə;
-Yaşayış yeri üzrə rayon/şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzlərinə;
-Əlillərin sosial müdafiəsi fondlarına.