Astarada qohum olan dörd narkotacir saxlanılıb. Onlardan ümumilikdə 11 kiloqramdan artıq narkotik vasitə və iki ədəd odlu silah aşkarlanıb. Bu haqda yanvarın 10-da Daxili İşlər Nazirliyindən məlumat verilib.
Belə ki, polis tərəfindən iki rayon sakini saxlanılıb. Keçirilən baxış zamanı tutulan bir nəfərin əlindəki torbadan 7,46 kiloqram qurudulmuş marixuana tapılıb. Araşdırma zamanı onların narkotik vasitəni qohumu Pəlikeş kənd sakinindən əldə etdikləri məlum olub. O, polis tərəfindən saxlanılıb.
Həmin şəxsin evindən 2,23 kiloqram marixuana, müvafiq sənədləri olmayan “Toz” markalı ov silahı və 26 patron tapılıb. Onun da narkotiki qohumu Züngüləş kənd sakinindən aldığı müəyyən edilib.
Vətəndaşın evinə baxış keçirilib. Nəticədə 1,32 kiloqram marixuana, “İJ” markalı ov silahı müsadirə olunub.
Faktlarla bağlı araşdırmalar aparılır.
Bu ilin 11 ayı ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 8095 cinayət faktı aşkarlanıb. Ümumilikdə 6,58 ton narkotik dövriyyədən çıxarılıb.