Yaponiyanın Ava şəhərinin 69 yaşlı meri Hisato Maçida dələduzluq şübhəsi ilə saxlanılıb.
İnsanoid.com istintaq məlumatlarına istinadən xəbər verir ki, mer avtomobili ilə törətdiyi qəza nəticəsində yaranan təmir xərclərini şəhər büdcəsi hesabına ödətməyə çalışıb.
Bunun üçün şəhər administrasiyası ilə özəl şirkət arasında bağlanan kabel şəbəkəsinin tikintisinə dair müqavilənin məbləğinin 3,5 milyon yen (təxminən 38 min manat) artırıldığı bildirilir.
Polis həmin vəsaitin qanunsuz yolla əldə edildiyindən şübhələnir.
Noyabrın 10-da merlə yanaşı, daha iki nəfər saxlanılıb. Maçidanın ittihamlara münasibəti hələlik açıqlanmayıb. Faktla bağlı araşdırma davam edir.
Maraqlıdır ki, merin rəsmi şüarı belədir: "Xalqın etimadı olmadan heç bir hakimiyyət mövcud ola bilməz".