Kastinq mərhələsində Elçin müəllif resepti olan pendirli qara düyü və toyuq yeməyini təqdim edib. Şeflər Azərbaycan mətbəxinə olan sevgilərini dilə gətirərək, Bakıdan gələn iştirakçıdan şah plov və ya dovğa kimi ənənəvi milli yeməklər gözlədiklərini etiraf ediblər.
Toyuğun dadı ilə bağlı bəzi iradlar bildirilsə də, düzgün bişirilmiş və kifayət qədər pendir əlavə olunmuş qara düyü münsiflərin rəğbətini qazanıb. Nəticədə iki müsbət səs alan azərbaycanlı aşpaz şounun növbəti mərhələsinə vəsiqə qazanıb.
Şouda iştirakından sonra Elçin həyat yoldaşının onun xəbəri olmadan layihəyə qatılmaq üçün müraciət formasını doldurduğunu da bildirib. Aşpaz həyat yoldaşına bu addımına görə çox minnətdar olduğunu vurğulayıb və onun sayəsində çoxdankı arzusunun gerçəkləşdiyini qeyd edib.