Ev təsərrüfatlarında beş sahə üzrə uçotun aparılması ümumi daxili məhsulun daha dürüst hesablanmasına və gələcəkdə ünvanlı sosial siyasətin həyata keçirilməsinə xidmət edir, bu, ailələrin bütün aktivlərinin vergiyə və digər ödənişlərə cəlb olunması məqsədi daşımır.
Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc parlamentdə "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, Dövlət Statistika Komitəsinin 13 oktyabr 2026-cı il tarixli qərarı ilə ev təsərrüfatlarının uçotu sənədləri dəyişdirilib və yeni qaydaların 2027-ci il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur. Eyni zamanda, kənd təsərrüfatı məhsulları istehsalçılarına tətbiq edilən 100 faizlik gəlir və mənfəət vergisi güzəştinin 90 faizə endirilməsi ilə bağlı dəyişikliklər də ictimai müzakirələrə səbəb olub.
Deputat vurğulayıb ki, ev təsərrüfatlarının statistik uçotunun yeni qaydalarla aparılması ilə aqrar istehsalçıların vergi güzəştlərinin dəyişdirilməsi fərqli məsələlərdir. Onun sözlərinə görə, aidiyyəti qurumlar yeni uçot qaydalarının mahiyyətini və məlumatların hansı məqsədlə istifadə olunacağını əhaliyə ətraflı izah etməlidir.
Mənbə: operativmedia.az