Rusiyalı aktyor Arkadi Raykinin qızı müharibə illərində valideynlərindən uzaqda qalıb, aclıq və məhrumiyyətlər yaşayıb. O, bir dəfə jurnalistə anasının onu niyə yad bir insana əmanət etmək qərarına gəldiyindən danışıb.
İnsanoid.com xəbər verir ki, əşhur sovet aktyoru Arkadi Raykinin qızı Yekaterina Raykinanın vəfatından sonra sosial şəbəkələrdə onun çətin keçən uşaqlıq illəri ilə bağlı bir hekayə paylaşılıb. Bu hekayəni vaxtilə Moskvada aktrisa ilə qonşu olmuş və ondan müsahibə almış jurnalist bölüşüb.
Görüşün ən gözlənilməz məqamı Raykinanın uşaqlığı ilə bağlı danışdığı xatirələr olub.
Yekaterina Raykina 1938-ci ilin aprelində anadan olub. Böyük Vətən müharibəsi başlayanda onun cəmi üç yaşı var idi. Valideynləri — Arkadi İsakovıç Raykin və Ruif Markovna (Roma) həmin vaxt Moskvada qastrollarda olublar. Çıxışlar başa çatdıqdan sonra Arkadi Raykin artistlər briqadası ilə cəbhəyə getməyi planlaşdırırdı. Həyat yoldaşı isə ondan ayrılmaq istəmədiyi üçün onunla birlikdə getməyə hazırlaşırdı. Lakin qarşılarında mühüm bir sual dayanırdı: balaca qızlarını kimə etibar etsinlər?
Yekaterina Arkadyevnanın danışdığına görə, onların söhbətini yaxınlıqda oturan tanımadıqları bir qadın eşidib. Qadın qızı Daşkəndə, öz evinə aparmağı təklif edib. Orada böyük meyvə bağı, toyuqları və keçisi olduğunu, uşağın heç nədən korluq çəkməyəcəyini bildirib. Bunun müqabilində valideynlərdən ərzaq talonları və pul göndərmələrini istəyib. Raykinanın xatirələrinə görə, valideynləri bu təklifə sevinərək razılaşıblar və həyatlarında ilk dəfə gördükləri insana qızlarını etibar ediblər.
Aclıq, tənhalıq və məhrumiyyətlərlə dolu illər
Lakin tezliklə qadının zahiri xeyirxahlığının arxasında başqa səbəblərin dayandığı məlum olub. Yekaterina Raykinanın danışdıqlarına görə, qadın tövlədə gizlətdiyi fərari oğlunu da yedizdirməli idi. Qız üçün göndərilən ərzaq talonları həm onun, həm də bütün ailənin yaşamasına kömək edirdi.
Jurnalistin aktrisanın sözlərindən xatırladığına görə, Yekaterina ağır şəraitdə yaşayırdı: daim ac qalır, cırıq paltarlarda gəzir və xəstəliklərdən əziyyət çəkirdi. O, günlərlə yemək tapmaq üçün şəhərdə dolaşdığını, yarğanlarda yeməyə yararlı nəsə axtardığını, yerdən və ağaclardan qida tapmağa çalışdığını, bəzən isə dilənmək məcburiyyətində qaldığını danışıb.
Qız 1945-ci ilə qədər Daşkənddə qalıb. Müharibənin sonlarına yaxın nənəsi onun yanına gəlib. Nəvəsini bu vəziyyətdə görən qadın, Raykinanın xatirələrinə görə, göz yaşlarını saxlaya bilməyib. Lakin buna baxmayaraq, qızı dərhal özü ilə aparmayıb. Bir müddət sonra Yekaterina nəhayət Daşkəndlə vidalaşıb.
"Başqa belə ər tapa bilməzdim"
Bu hekayənin ən ağır məqamı jurnalistin sözlərinə görə, Yekaterina Raykina ilə anası arasında illər sonra baş tutan söhbət olub. Artıq böyüyən Yekaterina Ruif Markovnadan soruşub ki, onu necə tanımadığı bir insana etibar edə, aclıq, xəstəlik və tənhalıq içində yaşadığını bilmədən, illərlə yanına gəlməyə bilərdi. Anasının cavabı belə olub: "Bilirsən, mənim başqa uşaqlarım da ola bilərdi. Amma başqa belə ər tapa bilməzdim".
Məhz bu sözlər, jurnalistin etirafına görə, aktrisa ilə görüşdən sonra onun yaddaşında xüsusilə dərin iz buraxıb.
Jurnalist həmçinin Mixail Zoşşenkonun Raykinlərə qızlarını arxa cəbhəyə göndərməyi məsləhət gördüyü barədə mövcud versiyaları da xatırladıb. Bununla belə, onun vurğuladığı kimi, son qərarı valideynlərin özləri veriblər.