Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları xüsusilə külli miqdarda psixotrop maddənin tranzit yolla Azərbaycan ərazisindən keçirilməsinin qarşısını alıblar.
İnsanoid.com-a qurumun mətbuat xidmətindən verilən məlumata əsasən, İran İslam Respublikasından Azərbaycan ərazisindən tranzit keçməklə Almaniyaya "meyvə şirəsi və enerji içkisi" daşıyan yük maşını "Şahtaxtı" gömrük postunda yoxlanılıb. Rentgen müayinəsi zamanı yükdə şübhəli təsvirlər aşkarlanıb. Bəzi qutuların digərlərindən fərqlənməsi üçün üzərinə xüsusi işarələr vurulduğu müəyyən edilib.
Kinoloji xidmət itinin iştirakı ilə aparılan yoxlama zamanı 11 qutuda yerləşdirilmiş 84 şəffaf plastik butulkada qırmızı rəngli, kəskin iyli maye aşkar olunub.
Ekspertiza nəticəsində butulkalardakı mayenin xalis çəkisinin 29 kiloqram 485,111 qram olduğu və maddənin metamfetamin olduğu müəyyənləşdirilib.
Faktla bağlı araşdırma aparılır.