1960-cı ildə amerikalı fizik Haynts fon Förster və həmkarları hazırladıqları riyazi model əsasında 13 noyabr 2026-cı il tarixini bəşəriyyət üçün kritik tarix kimi göstərmişdilər.
Alimlər son 2 min ildə dünya əhalisinin artımını araşdıraraq belə nəticəyə gəlmişdilər ki, həmin dövrdə müşahidə olunan artım tendensiyası dəyişmədən davam etsəydi, 2026-cı il noyabrın 13-də dünya əhalisinin sayı nəzəri olaraq sonsuzluğa çatardı.
Araşdırma nüfuzlu "Science" elmi jurnalında dərc olunmuşdu.
Lakin bu, dünyanın həmin tarixdə məhv olacağı anlamına gəlmirdi. Sözügedən tarix riyazi modelin ortaya qoyduğu nəzəri nəticə idi və əhali artımının mövcud sürətlə davam edə bilməyəcəyini göstərirdi.
Sonrakı onilliklərdə dünya əhalisinin artım tempi yavaşladığından bu riyazi proqnoz reallaşmayıb.