2021-ci ilin yanvar-noyabr aylarında Azərkosmos 42,3 milyon dollar dəyərində xidmət ixrac edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,4% çoxdur. Bu barədə 30 dekabr tarixində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dərc etdiyi “İxrac icmalı”nda deyilir.
Dünyanın 41 ölkəsinə xidmət ixrac edilir. Ölkələrin siyahısında ilk üçlükdə ABŞ (10,4 milyon dollar), Fransa (10 milyon dollar) və Birləşmiş Krallıq (8,2 milyon dollar) qərarlaşıb.
Təşkilatın xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 91%-ni təşkil edib.
Cənubi Qafqazda ilk peyk operatoru olan Azərkosmos 2010-cu ildə təsis edilib. Təşkilat peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri ixrac edir. Azərkosmosun idarəçiliyində olan ilk milli peykimiz – “Azerspace-1” 2013-cü ildə, ikinci “Azerspace-2“ peyki isə 2018-ci ildə orbital mövqeyinə çıxarılıb.