Cəlilabad rayonunun Muğan bələdiyyəsinin keçmiş sədri tərəfindən müxtəlif dövrlərdə pul mənimsənilməsi faktı aşkar edilib. Bu barədə oktyabrın 11-də Cəlilabad Rayon Prokurorluğundan bildirilib.
Bələdiyyənin sabiq sədri Aygün Məlikovanın öz vəzifəsindən sui-istifadə edərək 2020-ci ilin yanvar-dekabr ayları ərzində bələdiyyə mülkiyyətinə aid 62 hektar ərazini qanunsuz yolla ayrı-ayrı şəxslərə icarəyə verməsi haqda şübhələr müəyyən edilmişdir.
Bundan əlavə o, dövlət büdcəsindən bələdiyyəyə ayrılmış 4 070 manat pulu şəxsi ehtiyaclarına xərcləmiş və öz əmək haqqını 2 240 manat artırmışdır.
Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin “şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə” və “vəzifə səlahiyyətlərindən sui-istifadə” maddələri ilə cinayət işi başlanıb.