Cəlilabadın Çəmənli kəndi ərazisində yerləşən Xudutəpə abidəsində arxeoloji qazıntı işlərinə başlanılıb. Bu barədə 23 avqust tarixində Report məlumat verib.
Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu tərəfindən aparılan qazıntı işlərinə institutun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, arxeoloq Anar Ağalarzadə rəhbərlik edir.
Onun sözlərinə görə, qazıntı işləri zamanı çoxtəbəqəli abidənin üst qatında orta əsrlərə aid zəngin maddi mədəniyyət nümunələri aşkarlanıb.
Qazıntılar zamanı şirli və şirsiz saxsı məmulat, ocaq yerləri və təndir qalıqları tapılıb.
Arxeoloq qeyd edib ki, aşkarlanan mis sikkənin isə Hülakilərin 9-cu hökmdarı Sultan Əbu Səid Bahadur (1305-1335) xanın adına kəsilmiş pul olduğu məlum olub.
Hazırda abidədə arxeoloji qazıntılar dərin qatlara doğru davam etdirilir.
Sahəsi 7 hektara yaxın olan abidə Cəlilabad-Yardımlı şose yolunun 22-ci km-də, Çəmənli və Cəlayir kəndləri arasında, hündür təbii təpə üzərində yerləşir. İki il əvvəl abidənin şimal tərəfində aparılmış arxeoloji qazıntılar nəticəsində torpaq qəbirlər aşkarlanıb və qəbirlərdən müxtəlif dəfn avadanlıqları tapılıb.
[gallery link="file" size="full" ids="126784,126783,126782"]