Bu gün, martın 22-də şahmatçımız Şəhriyar Məmmədyarov Almaniyanın paytaxtı Berlində FİDE Qran-prisinin III mərhələsində mübarizəyə başlayacaq.
Təmsilçimiz yer aldığı B qrupunda almaniyalı Vinsent Kaymer, rusiyalı Daniil Dubov və ABŞ-dan olan Lenyer Domingeslə qarşılaşacaq. Turnirin qaydalarına əsasən, hər qrupda dairəvi sistemlə ikidövrəlik mübarizə gedəcək.
Yekunda qrup qalibləri yarımfinala yüksələcək. Yarımfinal və final da iki oyundan, ehtiyac yaranarsa, tay-breykdən ibarət olacaq. Qran-pri iştirakçıları reytinq xalları da əldə edəcəklər. Belə ki, qalib şahmatçı 13 xal, finalçı 10 xal, yarımfinalda uduzanlar 7 xal, qruplarda 2-ci yerin sahibləri 4 xal, 3-cü pilləni tutanlar isə 2 xal alacaqlar. Qrup sonuncularına xal verilməyəcək.
Qeyd edək ki, yarış aprelin 4-dək davam edəcək. Ümumi mükafat fondu 150 000 avrodur.