İşğaldan azad edilən Kəlbəcər rayonunda yerləşən Tutxun qızıl yatağında geoloji-axtarış işlərinə başlanılıb. Bu barədə dekabrın 3-də ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev məlumat verib.
Məlumata əsasən, Kəlbəcərdə filiz yataqlarının öyrənilməsi və kəşfiyyatı üçün Türkiyənin “Cengiz Holding” qrupuna daxil olan şirkətlərlə uzunmüddətli müqavilələr bağlanılıb.
“Layihələrin həyata keçirilməsi regionun təbii ehtiyatlarından səmərəli istifadə edilməsi və iqtisadi dövriyyəyə cəlb olunması baxımından önəmlidir. Bu, həmçinin həmin ərazilərdə yeni iş imkanlarına töhfə verəcək”, - deyə M. Babayev qeyd edib.
Nazirin sözlərinə görə, Zərqulu, Qızılitən, Qərbi Qızılitən və Qazıxanlı yataqlarında geoloji və geofiziki işlər davam etdirilir.