Bu ildən etibarən Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) “Toxum” modulu fəaliyyətə başlayıb. Bu barədə 28 mart tarixində Kənd Təsərrüfatı Nazirliyi məlumat verib.
Sözügedən modulda toxumluq əkin bəyanlarının qəbulu, aprobasiyası, o cümlədən, istehsal olunmuş toxumların sertifikatlaşması kimi proseslərin ayrı-ayrı mərhələləri elektronlaşdırılıb. Bu, toxumçuluq fəaliyyəti ilə məşğul olan fermerlərə EKTİS-də öz şəxsi elektron kabinetlərinə daxil olaraq toxumluq əkin bəyanları haqqında məlumat əldə etməyə imkan yaradır.
Qeyd olunub ki, 2022-ci ilin məhsulu üçün 150-dən çox toxumçuluq təsərrüfatı tərəfindən 52000 hektar sahə üzrə payızlıq əkinlər (toxumluq arpa və buğda) barədə məlumatlar EKTİS-ə daxil edilib və proses davam edir.