“Məşğulluq marafonu”-na qoşulan işəgötürənlərin sayı artıq 563-ə çatdı. Bu barədə 27 oktyabr tarixində Dövlət Məşğulluq Agentliyinin rəsmi səhifəsində məlumat yayılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən cari ilin iyun ayında başladılan “Məşğulluq marafonu”-nda işəgötürənlərin 293-si dövlət, 270-si özəl müəssisələrdir.
Sistemə ümumi 3143 vakansiya daxil edilib. Göndərişlər əsasında artıq 963 nəfər (o cümlədən 155 şəhid ailəsi üzvü və 808 qazi) işlə təmin olunub.
Marafona qoşulmaq istəyən işəgötürənlər vakansiyaları barədə, işlə təmin olunmaq istəyən şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qəhrəmanlarımız isə özləri haqqında məlumatları linkə daxil olub qeyd edə bilərlər.