Fövqəladə Hallar Nazirliyi Masallı və Cəlilabad rayonlarında baş verən sel və daşqınlarla bağlı məlumat yayıb.
Gecə saatlarından başlayaraq cənub bölgəsinə yağan intensiv yağışlar nəticəsində sel və daşqın baş verib. Rayonlarda fərdi evlər, həyətyanı və əkin sahələri, digər obyektlər subasmaya məruz qalıb.
Masallı rayonunun Mollaoba, Bədəlan, Təzə Alvadı, Cəlilabad şəhəri və rayonunun Bəcirəvan kəndində 39 nəfərin təxliyəsi həyata keçirilib.
***
11:39
Masallı rayonunda aramsız yağışlar nəticəsində Alvadı çayı daşıb. Bu barədə martın 19-da Report məlumat yayıb.
Sel suları yaşayış həyətlərinə, evlərə dolub. Bildirilib ki, FHN-in əməkdaşları əraziyə cəlb edilib. Kiçik həcmli gəmilər vasitəsilə Təzə Alvadı kəndindən 17, Molloba kəndindən isə 4 nəfər təxliyə olunub.
Hazırda xilasedicilər Boradigah qəsəbəsi ərazisində işləyirlər. Hadisəyə görə təsərrüfatlara və əkin sahələrinə də ziyan dəyib.