Masazır gölündə suyun səviyyəsi azalıb. Bu haqda Milli Hidrometeorologiya Xidmətinin direktoru oktyabrın 7-də məlumat verib.
"Son illərdə Masazırda su-kanalizasiya sistemlərinin yaxşılaşdırılması duz gölünə çirkab suyun axıdılmasının qarşısını alıb. Bu səbəbdən də suyun səviyyəsi azalıb. Təbii ki, qlobal iqlim dəyişikliyi, havaların quraq keçməsi də öz təsirini göstərir”, - deyə direktor bildirib.
Masazır gölü “Azərduz” İstehsalat Birliyinin ərazisindədir. Sahəsi 10² kilometr olan göldən 1813-cü ildən mütəmadi olaraq duz çıxarılır. Göl uzun illər Masazır və Novxanı kəndlərinin məişət-kommunal sularının axıdılması səbəbindən çirklənməyə məruz qalıb.