MİDA-nın Yasamal Yaşayış Kompleksində 30.03.2022-ci il tarixində mənzillərin güzəştli satışı zamanı kompüter proqram təminatlarından istifadə edilməklə mənzillərin seçimi prosesinə müdaxilə edən 6 şəxs məsuliyyətə cəlb edilib. Onlar barəsində cinayət işi açılıb. Bu haqda 15 aprel tarixində Dövlət Təhlükəsizliyi Xidməti məlumat paylaşıb.
Belə ki, Məmmədov Elçin Elman oğlu, Hacıyev Ruslan Afiz oğlu, Hüseynov Firudin İlqar oğlu, Lətifzadə Yunis İltimas oğlu, Abdullayev Tərlan Tahir oğlu və Məmmədov Cavid Fəhrad oğlu digərləri ilə əlbir olub maddi maraq zəminində onlara müraciət etmiş şəxslərin güzəştli şərtlərlə mənzil əldə etmələrini təmin ediblər.
Faktla bağlı “qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən kompüter sisteminə və kompüter məlumatlarına təkrar qanunsuz müdaxilə” maddəsilə cinayət işi açılıb.
Daha öncə MİDA-nın Yasamal Yaşayış Kompleksindəki 442 güzəştli mənzilinin 4-5 saniyədə satılması sosial şəbəkələrdə narazılığa səbəb olmuşdu.