Sosial şəbəkələrdə narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmaqda təqsirləndirilən şəxsə cəza verilib. Hökmə əsasən, İlqar Babayev 9 il müddətinə azadlıqdan məhrum edilib. Bu haqda dekabrın 15-də Report məlumat yayıb.
Polis əməkdaşları tərəfindən saxlanılarkən sözügedən şəxsin üzərindən ekstazi həbi, kokain və 1 ədəd elektron tərəzi aşkar edilmişdir. Araşdırma zamanı cinayətkarın sosial şəbəkələrdə müxtəlif profillər açaraq gənclər arasında narkotiklərin satışı təşkil etdiyi məlum olmuşdur.
İ.Babayeva qarşı “qanunsuz olaraq narkotik vasitələri satma, külli miqdarda törədildikdə” maddəsi ilə ittiham irəli sürülmüşdür.
Bu ilin 11 ayı ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 8095 cinayət faktı aşkarlanıb. Onlardan 3066-sı narkotik vasitələrin qanunsuz satışı ilə bağlı olub. Ümumilikdə 6,5 ton narkotik müsadirə edilib.