Yeni inşa olunmuş çoxmənzilli binalarda bəzi hallarda mənzil sahiblərindən kommunal sayğacların quraşdırılması üçün əlavə pul tələb edilir. Bəs qanunvericiliyə əsasən quraşdırılma kimin hesabına edilməlidir? Bununla bağlı Trend 22 noyabr tarixində araşdırma aparıb.
“Fiziki şəxs olan istehlakçılar üçün sayğac təchizatçı müəssisənin vəsaiti hesabına təchiz edilməli və quraşdırılmalıdır”, - deyə hüquqşünas Arif Nəzərov bildirib.
Onun sözlərinə görə, hüquqi şəxs olan istehlakçılar isə sayğacları öz vəsaiti hesabına təchiz edib quraşdırmalıdırlar.
“Sayğaclara və onların quraşdırılmasına görə xərclər mənzilin satış qiymətinə və ya pay haqqına daxil olunmalıdır", - Arif Nəzərov vurğulayıb.
Həmçinin hüquqşünas əlavə edib ki, binalar yalnız sayğaclarla təchiz edildikdən sonra istismara verilə bilərlər.