Qobustan Heyvandarlıq Nümayiş Kompleksində yeni Avropa mənşəli cins damazlıq heyvanların - “Simmental” inəklərin satışına başlanılıb. Bu barədə martın 9-da Kənd Təsərrüfatı Nazirliyinin saytında məlumat verilib.
Avstriya mənşəli “Simmental” südlük-ətlik və ətlik-südlük istiqamətli cinsdir. Bu malın məhsuldarlıq və damazlıq keyfiyyəti olduqca yüksəkdir, yerli cinslərin təkmilləşdirilməsində istifadə edilir. Simmental cinsli heyvanların süd məhsuldarlığı 5500-6500 litr, yağlılığı isə 3,8-4,1% təşkil edir. Həmçinin bu inəklər 18 aylıqda 500 kiloqram, 24 aylıqda 650 kiloqram canlı kütləyə çatırlar.
Sözügedən heyvanların kompleksdə satışının təşkil edilməsində əsas məqsəd fermerlərin cins heyvanlara əlçatanlığına, ölkədə heyvanların cins tərkibinin yaxşılaşdırılmasına nail olmaqdır.
Qobustan Heyvandarlıq Nümayiş Kompleksində heyvanların satışı 60% dövlət güzəşti ilə həyata keçirilir. Burada fermerlər üçün satış-sərgi və auksionlar təşkil olunur. Eyni zamanda, mərkəzdə lizinq şirkətləri, heyvanların sığortalanması üçün sığorta şirkətləri fəaliyyət göstərir.
Kompleks həftə içi 5 gün, saat 09:00-dan 18:00-dək fəaliyyət göstərir.
[URIS id=36097]