Çörək sexində qadının ölümü ilə bağlı zavod işçisinə cinayət işi açılıb. Bu barədə martın 16-da Baş Prokurorluqdan məlumat verilib.
Qeyd edək ki, ölüm hadisəsi cari ilin yanvarın 7-də Nərimanov rayonu, İ.Abışov küçəsində yerləşən çörək zavodunda baş verib.
Həmin zavodun işçisi Jalə Nurəliyeva təmizlik işləri görərkən xəmir qarışdıran qurğunu ehtiyatsızlıqdan işə salıb, həmin qurğunun alt hissəsini təmizləyən Mətanət Həsənova aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Jalə Nurəliyeva Cinayət Məcəlləsinin “ehtiyatsızlıqdan adam öldürmə” maddəsilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub. Cinayət işi Nərimanov rayon məhkəməsinə göndərilib.