Satış bazarında qiymət manipulasiyalarına yol verilməməsi məqsədi ilə preventiv tədbir olaraq, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən çörək və unun qiymətinin yuxarı həddi müəyyənləşdirilib. Bu barədə 6 yanvar tarixində Qurumun rəsmi səhifəsində məlumat verilib.
Məlumata əsasən, 50 kiloqramlıq bir kisə unun maksimal topdansatış qiyməti - 35,9 manat, 500 qramlıq ənənəvi (dairəvi) çörəyin maksimal pərakəndə satış qiyməti - 50 qəpik, 650 qramlıq ənənəvi (dairəvi) çörəyin maksimal pərakəndə satış qiyməti isə 65 qəpik təyin olunub.
Hazırda Dövlət Xidməti qiymət hədlərinə əməl olunması üzrə ciddi nəzarət tədbirlərini davam etdirir. İlk günlərin monitorinqlərinin nəticələrinə əsasən, unun topdansatış qiyməti 35,4- 35,9 manat arasında dəyişir.
Dövlət Xidməti un istehsalçılarının topdansatış məntəqələri, iş vaxtları və topdansatış qiymətlərinə dair mütəmadi şəkildə yenilənəcək məlumat bazası hazırlayır və bu gün ərzində ictimaiyyətə açıqlanacaqdır.
İstehlakçılar un və çörək bazarında qiymət manipulasiyası halları ilə rastlaşdıqda, həmçinin əlaqəli məlumat almaq məqsədi ilə Dövlət Xidmətinə müraciət edə bilərlər: (+99412)-599-76-00.