Saxta pensiya təyinatı ilə əlaqədar cari ilin 10 ayı üzrə 496,3 milyon manat vəsaitin mənimsənilməsinin qarşısı alınıb. Bunu noyabrın 12-də əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, dövlət vəsaitinin mənimsənilməsinin qarşısı birmənalı olaraq alınmalıdır: “Saxta yollarla, əsassız şəkildə sosial ödənişlər almış şəxslərin qarşısı kəsilməlidir”.
Sahil Babayev qeyd edib ki, saxta pensiya təyinatı ilə əlaqədar 2018-ci ildə 25,6 milyon manat, 2019-cu ildə 133,1 milyon manat, 2020-ci ildə isə 246,5 milyon manat vəsaitin mənimsənilməsinin qarşısı alınıb.
Nazirin sözlərinə əsasən, bu işlərə görə təqribən 250-270 cinayət işi açılıb və həmin şəxslər işdən qovulub. Hazırda əsassız pensiya almış vətəndaşlardan həmin məbləğin geri qaytarılması məsələsi müzakirə edilir.