Elm və Təhsil Nazirliyi (ETN) tərəfindən hazırlanan yeni elektron xidmət əhalinin istifadəsinə verilib. Bu barədə 18 avqust tarixində nazirlik məlumat yayıb.
Vətəndaşlar artıq “myGov” portalından qeydiyyatdan keçərək “Məlumatlarım” hissəsində - “Ümumi təhsil haqqında sənədlərim” bölməsində ümumi orta təhsil haqqında şəhadətnamə və tam orta təhsil haqqında attestat barədə elektron arayışı əldə edə bilərlər.
Bu elektron xidmət vasitəsilə istifadəçilər heç yerə getmədən onlayn rejimdə sistem tərəfindən avtomatik formalaşan arayışı elektron şəkildə istənilən yerə ünvanlaya bilərlər.
Bu sistemdəki məlumatlar 2015-ci ildən hazıradək olan dövrü əhatə edir.
Hazırda ETN tərəfindən bütün təhsil pillələri üzrə kağız daşıyıcıda verilən arayışların elektronlaşması prosesi davam edir.