Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun sabiq icraçı direktoru Vüqar Səfərli 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bu barədə dekabrın 21-də Report məlumat yayıb.
Məlumata əsasən, daha öncə Prokuror Vüqar Səfərlinin 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Həmçinin qurumda müvafiq vəzifələrdə çalışmış şəxslərə cəza istənilib. Onların bəzilərinə 7 il, bəzilərinə isə 2 il cəza verilməsi tələb edilib. Lakin onlar barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Proses davam edir.
Sözügedən şəxs Fondun digər əməkdaşları ilə əlbir olub ümumilikdə 18,5 milyon manatın mənimsəməsində və dövlət vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsində şübhəli bilinib. Cinayət yolu ilə əldə edilmiş 5,7 milyon manatı leqallaşdırmasına əsaslı şübhələr də müəyyən edilib.
Vüqar Səfərli və digərləri “mənimsəmə”, “cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma”, “vəzifə səlahiyyətlərindən sui-istifadə”, “vəzifə saxtakarlığı” və digər maddələr ilə ittiham olunub. Onların əmlak və bank əmanətlərinin üzərinə həbs qoyulub. İbtidai istintaq zamanı cinayət nəticəsində vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilib.
Zərərçəkmiş qismində Medianın İnkişafı Agentliyi tanınıb.