İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Vətən müharibəsi iştirakçılarından icbari tibbi sığorta haqqının tutulub-tutulmaması ilə bağlı məsələyə aydınlıq gətirib. Bu barədə matın 29-da APA məlumat yayıb.
Agentlikdən bildirilib ki, rəsmi əmək müqaviləsinə əsasən və ya mülki müqavilə əsasında işləyən şəxslər, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər icbari tibbi sığorta haqqı ödəməlidirlər.
“Rəsmi əmək müqaviləsinə əsasən işləyən Vətən müharibəsi iştirakçılarından da icbari tibbi sığorta haqqı tutulur”, - deyə qeyd olunub.
Rəsmi şəkildə heç bir yerdə işləməyən, həmçinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslər isə 2024-cü il yanvarın 1-dək icbari tibbi sığorta haqqı ödəməkdən azaddır. Həmin vətəndaşlar icbari sığortadan dövlət vəsaiti hesabına istifadə edə bilərlər.