44 günlük Vətən müharibəsində yaralanmış və müalicə kursları tamamlanmış 4 000-dək hərbi qulluqçuya əlillik təyin edilib. Bu barədə 26 iyul tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat verib.
İlk mərhələdə həmin hərbi qulluqçuların əyani müayinəsi keçirilməklə müvafiq hərbi həkim komissiyalarından şəhadətnamə (xəsarət və ya xəstəliklərin hərbi xidmətlə əlaqəsini müəyyən edən sənəd) və tibb müəssisələrindən göndərişlər (forma 88) elektron sistemə daxil edildikdən sonra Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlilliyin qiymətləndirilməsi həyata keçirilir.
Artıq bu kateqoriyadan olan 3 967 hərbi qulluqçuya ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin olunub.
Əlillik təyin edildikdən sonra onlara e-sistem tərəfindən, proaktiv qaydada əlilliyə görə aylıq sosial ödənişlər (Prezidentin təqaüdü, pensiya, müavinət) təyin olunub, habelə birdəfəlik sığorta ödənişləri verilib.