Oktyabr ayı üzrə xaricdə təhsil almış şəxslərin diplomlarının tanınması ilə bağlı ümumilikdə 338 müraciət edilib. Onlardan 257-si müsbət cavab alıb, 81 nəfərin diplomu isə tanınmayıb. Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi noyabrın 2-də Report-a məlumat verib.
Mənfi qərarın səbəbləri tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması və ya təhsil ölkəsində tələb olunan minimal müddətin ödənilməməsidir.
Müraciətçilərin 95-i Türkiyədə, 89-u Rusiya Federasiyasında, 87-i Ukraynada, 19-u Gürcüstanda, 8-i Böyük Britaniya və Şimali İrlandiya Krallığında, 40 nəfəri isə digər ölkələrdə təhsil alıb.
Ən çox müraciət (44) iqtisadiyyat ixtisası üzrə qeydə alınıb. Hüquqşünaslıq üzrə 43, tibb üzrə 17, biznesin idarə edilməsi üzrə 14, stomatologiya üzrə isə 12 müraciət daxil olub.
Vətəndaşlar xarici ali təhsil diplomlarını taninma.az portalında təsdiqləyə bilərlər. Ərizənin orta baxılma müddəti 23 gündür. Sənədlərin qəbulu üçün 250 manat ödəniş edilməlidir.