Fəaliyyət göstərən yerli aqrar sığorta ekspertləri artıq yüksək gəlir əldə etməyə başlayıblar. Bu barədə 25 avqust tarixində Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
2021-ci ilin iyul ayında ən çox gəlir əldə edən 3 müstəqil aqrar sığorta ekspertinin aylıq gəliri 2500 manatdan çox təşkil edib. Digər sığorta ekspertlərinin aylıq gəlirləri 1250 - 2300 manat arasında dəyişib.
Müstəqil aqrar sığorta ekspertlərinin fəaliyyətinə sığorta risklərinin qiymətləndirilməsi, sığorta hadisəsinin müəyyən edilməsi və dəyən zərərin hesablanması daxildir.
Göstərilən xidmətlər müqabilində ekspertlərə xidmət haqqı və yol xərci ödənilir.
Bu peşəyə yiyələnmək istəyən mütəxəssislər Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi test imtahanlarından keçməli və Aqrar Sığorta Fondunun təşkil etdiyi təlimlərdə iştirak etməlidirlər.
İmtahan elanları haqqında məlumat əldə etmək üçün namizədlər dim.gov.az və asf.gov.az saytlarını izləyə bilərlər.