Cari ilin ilk 4 ayı ərzində Azərbaycanı 151 ölkədən 330,6 min əcnəbi ziyarət edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur. Bu barədə 25 may tarixində Dövlət Statistika Komitəsi məlumat verib.
Məlumata əsasən, gələnlərin 26,2%-i Rusiyadan, 25,3%-i Türkiyədən 14,7%-i İrandan, 33,8%-i isə digər ölkələrdən olub. Gələnlərin 52%-i hava, 56%-i dəmir yolu və avtomobil, 2%-i isə dəniz nəqliyyatından istifadə edib.
Hesabat dövründə 400,2 min nəfər Azərbaycan vətəndaşı xarici ölkələrə səfər edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur. Gedənlərin 45,5%-i Türkiyəni, 16,7%-i Rusiyanı, 13,1%-i İranı, 24,7%-i isə digər ölkələri ziyarət edib. Xarici ölkələrə səfər edənlərin 56,7%-i hava, 40,6%-i dəmir yolu və avtomobil, 2,7%-i isə dəniz nəqliyyatından istifadə edib.