2024-cü ilin sonunadək Azərbaycanın bütün ərazisi internetlə təmin olunacaq. Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini dekabrın 8-də keçirilən 5-ci Beynəlxalq bank forumunda çıxışı zamanı deyib.
"Əhalinin 85%-i internetə çıxış imkanına malikdir. İnternetə çıxışı olmayan 700-ə yaxın yaşayış məntəqəsi internetlə təmin olunacaq. Ucqar yaşayış məntəqələri biznesin yaradılması üçün dayanıqlı deyil və biz bu məntəqələri şəhərlərlə bərabərləşdirmək istəyirik", - deyə nazir müavini bildirib.
"Ağıllı" şəhərlər və kəndlər barədə danışan nazirlik rəsmisi bildirib ki, buraya 5G internet, nağdsız ödənişlər və digər innovativ həllər daxildir.
Ölkədə həmçinin qlobal kibertəhlükələrin qarşısını almaq gücündə olan infrastrukturun yaradılması üzərində də işlər aparılır.